2019

    14 saylı “Fiziki-kimyəvi analiz” laboratoriyanın müdiri, k.ü.f.d., dosent Nelli İşenkonun 28 yanvar – 1 fevral 2019-cu il tarixlərində Moskva şəhərində ezamiyyətdə olmuşdur. K.ü.f.d., dosent Nelli İşenko ezamiyyət müddətində “Messe Düsseldorf” firmasının dəvəti ilə beynəlxalq “İnterplastika” sərgisində iştirak etmişdir. Sərgidə plastik kütlə və kauçukların emalı üzrə müasir cihazlar , o cümlədən laboratoriya cihazları nümayiş etdirilmiş və aparıcı şirkətlər tərəfindən polimer materialları üçün perspektiv doldurucular, modifikatorlar, stabilizatorlar və s. yaradılması istiqamətində aparılmış tədqiqatların nəticələri və yeni işləmələri nümayiş etdirilmişdir. Ezamiyyət zamanı həmçinin Rusiya EA Üzvi Kimya İnstitutunda professor Q.İ.Nikişinlə müştərək elmi işlərin yerinə yetirilməsi barədə müzakirələr aparılmışdır.

    İnstitutun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, k.ü.e.d., prof. Nəcəf Qəhrəmanov 25-29 iyun 2019-cu il tarixlərində Belarusun Qomel şəhərində ezamiyyətdə olmuşdur. Nəcəf Qəhrəmanov BMEA-nın Metalpolimer Sistemlərin Mexanikası İnstitutunda keçirilən “Polikomtrib-2019” Beynəlxalq elmi-texniki konfransda məruzə ilə çıxış etmişdir. Tərəflər arasında imzalanan müqavilə üzrə aparılan işlər müzakirə edilmiş, yüksək keyfiyyətə malik polimer nanokompozitlərin alınması, tədqiqi və tətbiqi istiqamətində görüləcək işlər təhlil edilmişdir.

    AMEA-nın Polimer Materialları İnstitutunun “Fiziki-kimyəvi analiz” laboratoriyasının müdiri k.ü.f.d., dosent Nelli İşenko 29 sentyabr - 05 oktyabr 2019-cu il tarixlərində Moskva şəhərində ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində Rusiya Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktor müavini REA-nın m/ü. A.O.Terentyev ilə institutlar arasında yerinə yetirilən müştərək elmi işlərin və elmi əməkdaşlıq müqaviləsi üzrə alınmış nəticələrin müzakirəsi aparılmışdır.