20/03/2023 10:03 

Yurdumuza Novruz gəlir!

Novruz bayramı ən qədim bayramlarımızdan biridir. Novruz bayramı gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Təbiətin oyanması ilə eyni vaxtda dostluq və ailə münasibətləri yenilənir, bu günlərdə insanlar barışıb yaxınlarını və dostlarını ziyarətə gedir, hətta arada olan kin və ədavəti sevgi və xeyirxahlıq əvəz edir. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqləri ilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Novruz bayramınız mübarək!
Paylaş