14/03/2023 12:43 

Bu gün çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir. Xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbənin – “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Artıq digər çərşənbələr – Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq çərşənbəsi xalq arasında “Yer çərşənbəsi” və ya “İlaxır çərşənbə” kimi də tanınır. İnanclara görə, ilaxır çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişini müjdələyir. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq əkinə hazır olur, toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal Günəşin simvolu kimi süfrəyə gətirilir. Od elementidir. Şəkərbura Ayın simvoludur. Şəkərbura kənarındakı və üzərindəki naxışlara görə ayın şüalarını xatırladır. Hava simvoludur. Paxlava ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Torpaq elementidir. Şəkərçörəyi isə Su elementidir. Çünki formasına görə torpaq üzərində gölü xatırladır. İçməli su mənbəyi kimi göl qəbul edilir. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. Torpaq çərşənbəniz mübarək!
Paylaş