08/03/2023 11:02 

Bu gün 8 Mart — Beynəlxalq Qadınlar Günüdür

Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü qeyd edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalqımızın təfəkküründə ana məfhumu doğma Vətənin təcəssümüdür. Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Xalqımızın çoxəsrlik zəngin irsinin yaşadılmasında, dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri vardır. Daim gözəlliyin, zərifliyin, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoyub. Ən çətin zamanlarda o, həmişə təmkinlilik nümayiş etdirərək cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirib. Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi cəmiyyətin inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirilməsinin nəticəsidir. Əziz qadınlar, müqəddəs ailə dəyərlərimizin qorunması, gənc nəslin doğma yurdumuza və milli dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi yolunda hər birinizə uğurlar arzulayırıq. Daim üzünüz gülsün, əziz xanımlar!
Paylaş