12/11/2022 10:09 

12 noyabr Konstitusiya Günüdür

Bu gün müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunmağa başlayıb. Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsində mütləq referendumla həll edilməli məsələlər sırasına aid edilib. Konstitusiyaya əlavələr isə Azərbaycan Respublikası Prezidentinin və Milli Məclisinin deputatlarının təklifi əsasında Milli Məclisdə Konstitusiya qanunları şəklində səsvermə yolu ilə qəbul edilir. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 22-də “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi keçirilməsi haqqında” Fərman imzalayıb. 2009-cu ilin martın 18-də ümumxalq səsverməsi-referendumla Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilib. Konstitusiyamıza növbəti dəyişikliklərin təşəbbüskarı Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev olub. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Sərəncam imzalayıb.
Paylaş