14/09/2022 16:35 

Polimer Materialları İnstitutunun əməkdaşının şəhid övladı son mənzilə yola salınıb

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olan Polimer Materialları İnstitutunun Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun oğlu Bəxtiyar Muradov böyük izdihamla son mənzilə yola salınıb. Şəhidlə vida mərasimi Sumqayıt Şəhidlər Xiyabanında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, icraçı direktor, kimya elmləri doktoru, dosent Kazım Quliyev və institutun kollektivi iştirak ediblər. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidimizin atası Güloğlan Muradova təqdim edilib və yaylım atəşi açılıb. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan 19 yaşlı Bəxtiyar ailənin tək övladı idi. Allah rəhmət eləsin!
Paylaş