25/07/2022 13:47 

AMEA-nın Polimer Materialları İnstitutuna ağır itki üz verib

Polimer Materialları İnstitutunun Aqrokimya təyinatlı polimer materialları laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru, dosent Oqtay Bahadur oğlu Abdıyev ömrünün 83-cü ilində vəfat edib. Oqtay Bahadur oğlu Abdıyev 1939-cu il dekabr ayının 16-da Tovuz rayonunun Köhnəqala kəndində anadan olub, 1958-ci ildə həmin rayonun Alakol orta məktəbini bitirib, 1958-1960-cı illərdə isə Alakol sovxozunda fəhlə işləyib. O, 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində Kimya müəllimi ixtisası üzrə əyani təhsil alıb və təyinatı üzrə Kürdəmir rayonunun Axtaçı kənd orta məktəbində kimya müəllimi işləyib. 1967-ci ildə Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasının qiyabi şöbəsinə qəbul olub və 1967-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, mühəndis, elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləyib. 2018-ci ilin iyun ayından isə Polimer Materialları İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Oqtay Abdıyev 1975-ci ildə Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Epoksisulfidlərin sintezi və bəzi çevrilmələri” mövzusunda namizədlik dissertasiyası, 2017-ci ildə isə AMEA-nın Polimer Materialları İnstitutunda “Karbonil funksiyalı yeni rasemik, optiki fəal (birgə) polimerlərin və norbornen törəmələrinin sintezi və xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, “Üzvi kimya” və “Yüksək molekullu birləşmələr kimyası” sahəsi üzrə ixtisaslaşıb. Tərkibində müxtəlif təbiətli qruplar olan tsiklik, aril, nitril və s. sülfitlərin sintezinə imkan verən tiolların müxtəlif quruluşlu doymamış adduktlara birləşmə reaksiyalarının qanunauyğunluqlarını, alınan məhsulların tərkibini,quruluşunu və xassələrini tədqiq edib. Oqtay Abdıyev tərəfindən karbonil tərkibli monomerlərin (dienofillərin) sintezi, onların iştirakı ilə aparılan reaksiyalardan yeni optiki aktiv, rasemik norbornen törəmələrinin və (birgə)polimerlərinin alınması, prosesdə fəaliyyət göstərən qanunauyğunluqlar istiqamətində elmi araşdırmalar aparılıb. Oqtay Abdıyev 101-dən çox elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin müəllifi olub. Onun 51 məqaləsinin 11-i xarici ölkə jurnallarında dərc edilib. Uzunmüddətli məhsuldar elmi fəaliyyəti nəzərə alınmaqla Oqtay Abdıyev Kimya Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif edilib. Savadlı, xeyirxah və alicənab insan Oqtay Abdıyevin parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq. Allah rəhmət eləsin!
Paylaş