02/12/2021 17:25 

İnstitutda illik hesabatların müzakirəsinə başlanıb

Polimer Materialları İnstitutunda 02 dekabr 2021-ci il tarixindən etibarən qrafikə uyğun olaraq illik hesabatların keçirilməsinə başlanıb. İclas hibrid formada keçirilib. Hesabat çıxışı edən laboratoriya rəhbərləri və rəyçilər canlı olaraq, digər iştirakçılar isə onlayn formada iclasa qoşulublar. Hesabatların bir həftə müddətində ikinövbəli şəkildə pandemiya qaydalarına uyğun şəraitdə keçirilməsi planlaşdırılır. Tədbiri institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq iclasın 2021-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr edildiyini bildirib. İnstitutun rəhbəri cari ildə institutda 2 problem, 4 mövzu, 18 iş və 25 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirildiyini qeyd edib. İclasın birinci hissəsində institutun icraçı direktoru 9 saylı “İşığahəssas və optiki şəffaf polimer materiallar” laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Kazım Quliyev və 8 saylı “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov çıxış edərək rəhbərlik etdikləri laboratoriyalarda il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr, qrant layihələri üzrə aparılan işlər və laboratoriyanın kadr potensialı haqqında ətraflı məlumat veriblər. Sonra çıxış edən laboratoriya müdirləri verilən sualları cavablandırıblar. Daha sonra isə rəyçilərin çıxışları dinlənilib. Hesabatlar üzrə geniş müzakirələr aparılaraq təklif və iradlar eşidilib. Təqdim olunan hesabatlar Elmi şura tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Paylaş