08/11/2021 13:58 

Zəfər Günümüz mübarək!

27 sentyabr 2020-ci ildə xalqımız mənfur düşmənin növbəti hücumuna qarşı əks hücuma keçdi. 28 sentyabrda Azərbaycanda qismən səfərbərlik, Ermənistanda isə ümumi səfərbərlik elan edildi. Qısa müddətdə hər kəs səfərbər oldu, 30 ildən artıq səbir edən Azərbaycan “dəmir yumruğa” çevrildi. İllərdir Qarabağa həsrət qalan ölkəmiz hərb tariximizdən silinməyəcək Vətən müharibəsinə başladı. Ordumuzun qətiyyəti qarşısında aciz qalan düşmən təxribatlara əl atmağa və müxtəlif müharibə cinayətləri törətməyə başladı. Müharibə başlayan kimi 27 sentyabrda Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər işğaldan azad edildi. Ordumuz Zəfər dalınca Zəfər yazdı. Qələbə xəbərləri dünyaya yayıldıqca bütün dünyada yaşayan milyonlarla soydaşımızın və dostlarımızın qəlbini riqqətə gətirdi, düşmənimizə isə ağır zərbə oldu. Beləliklə, illərdir dünyanın biganə qaldığı haqsızlığa son qoyuldu. 8 noyabrda Şuşa alındıqdan sonra əsl qələbə sevincini yaşadıq. 28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin həlledici əməliyyatı olaraq tarixə yazıldı. Xalqımızın vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar Azərbaycan tarixinin ən şərəfli səhifələrinə çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu Qarabağımızı bizə geri qaytardı. Bütün dünya Azərbaycan əsgərinin gücünü və İlham Əliyevin necə siyasət xadimi olduğunu gördü. 44 günlük Vətən müharibəsində iştirak edən igid oğullarımız illərdir itirdiyimiz qeyrətimizi bizə qaytardılar. Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi daha qürurludur. Qarabağ soraqlı, Xarıbülbül ətirli, Xudayar təsnifli Zəfər günümüz mübarək!
Paylaş