27/10/2021 17:30 

Allahverdiyev Mahir Qafar oglu

Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazanlardan biri institutumuzun əməkdaşı, Aqrokimya təyinatlı polimer materiallar laboratoriyasının elmi işçisi Simuzər Allahverdiyevanın həyat yoldaşı Mahir Allahverdiyevdir. Tarixi savaşda minlərlə vətən oğlu ilə bərabər şərəfli döyüş yolu keçmiş Mahir Allahverdiyevə uzun ömür, can sağlığı arzu edirik! Mahir Allahverdiyev 28 may 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 1992-ci ildə Qubadlı rayonunun Qara İlyasov adına 1 saylı orta məktəbini bitirib. Orta məktəb illərində güləşlə məşğul olan Mahir Allahverdiyev Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin tələbəsi olub. 0, orta məktəbi bitirdikdən sonra Əliyar Əliyevin komandiri olduğu özünümüdafiə taboruna yazılıb. Əliyar Əliyevin ordumuzda kadr çatışmazlığı, vətənə xidmət etməyin vacibliyini təbliğ və təşviq etməsi Mahir Allahverdiyevdə hərbçi olmaq həvəsi yaradıb. Həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Oxuduğu müddətdə dəfələrlə döyüş bölgələrinə ezam olunub. Birinci Qarabağ müharibəsində Tərtər və Füzuli istiqamətlərində ön cəbhə xəttində xidmət edib. 1999-cu ildə döyüş bölgəsində xidməti vəzifə borcunu yerinə yetirərkən maşında minaya düşüb və yaralanıb. Qazi Mahir Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında yaxından iştirak edib. 2019-cu ildə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə “Milli Ordu-100” medalı ilə təltif olunub. 3 qız övladı olan Mahir Allahverdiyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə 28 sentyabr 2020-ci ildə könüllü olaraq gedib. 28 sentyabrdan 14 oktyabra qədər Goranboy-Murovdağ, 17 oktyabrdan 30 oktyabra qədər isə Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində aparılan döyüşlərdə yaralıların, şəhidlərin döyüş mövqeyindən çıxarılmasında iştirak edib. Ehtiyatda olan zabit Mahir Allahverdiyev 30 oktyabrda qardaşı oğlu Vüsal Tahir oğlu Allahverdiyevin şəhid olması ilə əlaqədar geri qayıdıb. Cismini müqəddəs torpağa, vətən sevgisini isə ruhumuza qatan şəhidimizə Allah rəhmət eləsin!
Paylaş