18/06/2025 14:15 

Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir

Hər bir insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları və vəzifələri var. Azərbaycan Konstitusiyasının 4-cü fəslinin 72-ci maddəsində deyildiyi kimi, hər bir şəxs dövlət və cəmiyyət qarşısında onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin hər vətəndaş Vətənə sədaqətli olmalı, onu müdafiə etməli, dövlət rəmzlərinə, onun atributlarına hörmət etməlidir. Layiqli vətəndaş olaraq ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirən insan xoşbəxtdir. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə apardığı silahlı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox soydaşımız evlərindən didərgin salınmış, hüquqları pozulmuşdu. İnsanlarımız illərlə və min bir əziyyətlə tikib qurduqları evlərindən, xoş güzəranlarından məhrum edilmişdilər. Xocalı, Malıbəyli, Qarakənd, Başlıbel faciələri və digər qətliamlar Ermənistanın insan hüquq və azadlıqlarını heçə saymasının bariz nümunəsidir. Azərbaycan xalqı və dövləti 30 il sonra hüququnu özü bərpa etdi. Azərbaycan dövləti və ordusu Ermənistanı 2020-ci ildə diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. 30 ildən sonra 20 faiz torpaqlarını düşməndən geri alan Azərbaycan həm ölkə tarixində, həm də dünya tarixində tarix yazdı, Cənubi Qafqaz regionunda yeni reallıq yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi ilə tarixlər yazmağa davam edən ordumuz Zəfərimizdən 3 il sonra isə bizi illərdir həsrət qaldığımız Xankəndiyə, Xocalıya qovuşdurdu. Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə nəinki ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, həm də uzun müddət evlərindən didərgin salınan vətəndaşlarımızın hüquqlarını özünə qaytardı. Çünki doğulduğu torpaqda yaşamaq hər bir vətəndaşın haqqıdır.
Paylaş