23/04/2025 15:41 Polimer Materialları İnstitutunda yerinə yetirilən layihə müsabiqənin qalibi olub
Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli İnternat tipli texniki və təbiət fənləri təmayüllü liseyin 9-cu sinif şagirdi Selcan Süleymanzadə “Sabahın alimləri” müsabiqəsində “Kimya” kateqoriyası üzrə təqdim etdiyi “Plastik tullantıların nanokatalizatorlar vasitəsilə təkrar emalı” layihəsi ilə 3-cü yerin qalibi olub. Layihənin icrası zamanı aparılan tədqiqatlar Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar lаbоrаtоriyаsının müdürü kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, Polimer materiallarının fiziki - mexaniki tədqiqatları şöbəsinin müdürü kimya üzrə fəlsəfə doktoru, dosent İsmayıl İsmyaılov və məktəbin kimya müəllimi Gülnar Kərimlinin elmi rəhbərliyi ilə institutda yerinə yetirilib, laborator analizlər aparılıb, ardıcıl şəkildə tədqiqat metodları öyrənilərək ciddi nəticələr alınıb.
Selcan Süleymanzadə tərəfindən plastik tullantıların ekoloji fəsadlarını azaltmaq üçün onların sürətli və səmərəli emal üsulları araşdırılıb, nanokatalizatorlar vasitəsilə polimer tullantıların parçalanması sürətləndirilərək yenidən istifadə oluna bilən faydalı maddələr əldə edilib.
Layihənin icrası zamanı aparılan tədqiqatlar göstərib ki, PET, polietilen, polipropilen kimi müxtəlif növ plastiklər inert qaz mühitində, müəyyən temperatur və vaxt çərçivəsində yüksək çevrilmə dərəcəsi ilə emal oluna bilər. Eyni zamanda, katalizatorların təkrar istifadə üçün əlverişli qalması prosesin rentabelliyini artırıb.
Paylaş