22/04/2025 15:55 

Polimer Materialları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

22 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Rəhbərlik və iclas iştirakçıları adından Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçisi kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyevanı Azərbaycanda ilk dəfə olaraq “Kompozit materialların kimyası və texnologiyası” ixtisasında kimya elmləri doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik edib, ona və elmi rəhbəri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanova gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra institutun icraçı direktoru İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Kazım Quliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının professoru, kimya elmləri doktoru Kərəm Şıxəliyevin müəllifi olduğu “Polimer qarışıqların alınması və onların uyğunlaşmasına müasir baxışlar” adlı monoqrafiyanın nəşrə göndərilməsi məsələsi müzakirə edilib. Daha sonra İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Kazım Quliyevin laboratoriyanın elmi işçisi, sabiq doktorant Aysel Rzayevanın işinin “Üzvi kimya” və “Makromolekullar kimyası” ixtisaslarının qovşağında yerinə yetirildiyini nəzərə alınmaqla ikinci ixtisas kimi “Makromolekullar kimyası” ixtisasının əlavə olunması ilə əlaqədar təqdimatı dinlənilib. İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Paylaş