26/02/2025 15:41 

Polimer Materialları İnstitutunda Elmi şuranın Xocalı soyqırımına həsr olunan iclası keçirilib

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar Elmi şuranın iclası keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsinin insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Faciə nəticəsində 613 nəfərin qətlə yetirildiyini, 1275 sakinin girov götürüldüyünü, 8 ailənin tamamilə məhv edildiyini, şəhərin xarabalığa çevrildiyini qeyd edib. O, xalqımıza qarşı törədilən qətliamın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb. Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqı üçün sağalmaz yara olduğunu bildirib. O, günahkarların 33 il keçsə də beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmadığını, Xocalı şəhidlərinin qisasının 28 il sonra 44 günlük Vətən müharibəsində alındığını, Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib. 2023-cü il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan tamamilə təmizləndiyini, 2023-cü il oktyabrın 15-dən isə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını vurğulayıb. Daha sonra institutun elmi katibi vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova iclas iştirakçılarına “Elm” qəzetinin 17.01.2025-ci il tarixli 02 №-li (1442) sayında vakant vəzifələri tutmaq üçün elan edilən müsabiqə və müsabiqədə iştirak edən institut əməkdaşları haqqında məlumat verib. Əməkdaşların seçilməsi üçün seçki komissiyası yaradılıb. Səsvermədən sonra bülletenlər sayılaraq müvafiq qərarlar qəbul olunub.
Paylaş