28/02/2025 16:35 

Polimer Materialları İnstitutunun əməkdaşı ADA Universitetində keçirilən “Transmilli təhsil siyasəti dialoqu” forumunda iştirak edib

28 fevral 2025-ci il tarixində ADA Universitetində “British Council” tərəfindən Azərbaycanda transmilli təhsilə dəstək məqsədi ilə “Transmilli təhsil siyasəti dialoqu” forumu keçirilib. Forumda bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlar olub, müzakirələr aparılıb. Azərbaycanda mövcud transmilli təhsil səviyyəsini tədqiq etmək və bununla bağlı imkan və maneələri araşdırmaq üçün "British Council" tərəfindən aparılan tədqiqatların nəticəsi Britaniya Şurasının Qlobal tədqiqat şöbəsinin meneceri Nilgün Yalçın tərəfindən təqdim edilib. Bu tədqiqatlar universitetlərin fəaliyyətini qiymətləndirmək sahəsində qlobal təcrübəyə malik təhsil şirkəti Times Higher Education (THE) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi qlobal transmilli təhsil ənənələrini işıqlandırmaq, universitet və dövlətlərin beynəlmiləlləşmə siyasətinə dəstək olmaqdır. Forumda Böyük Britaniyanın Azərbqycandakı səfirinin müşaviri Eduard Evanz, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva açılış nitqi ilə çıxış ediblər. Daha sonra Özbəkistanın Westminster Beynəlxalq Universitetinin rektoru Komiljon Karimov, ADNSU rektoru Rüfət Əzizov, Warwick Universitetinin Strateji İnkişaf üzrə direktoru Gareth R., ADA Universitetinin prorektoru Vəfa Kazdal tərəfindən təqdimatlar edilib. Azərbaycan və Böyük Britaniya arasında transmilli təhsilin inkişafına dəstək olaraq Özbəkistan və Azərbaycanın bu sahədəki təcrübələrinə dair tədqiqatların nəticələri geniş auditoriyanın diqqətinə çatdırılıb. Azərbaycan ali təhsil müəssisələri ilə müxtəlif ölkə universitetləri arasında icrası davam edən ikili diplom proqramları barədə təqdimatlar, qlobal təhsil təcrübəsi kimi mövzular ətrafında müzakirələr olub, forum iştirakçılarının sualları cavablandırılıb. Şəbəkələşmə mərhələsində Britaniya Şurası rəsmiləri, EATDA rəsmiləri və yerli ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə baş tutan forumda fikir mübadiləsi aparılıb, potensial əməkdaşlıq imkanları müzakirə olunub. Forumda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşı Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının böyük laborantı Аygün Əliyeva iştirak edib.
Paylaş