20/12/2024 16:50 Polimer Materialları İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə 19-20 dekabr 2024-cü il tarixində akademik Soltan Mehdiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunan “Monomerlər və neft kimyasının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə NKPİ-nin baş direktoru, akademik Vaqif Abbasov açıb. O, görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb. Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunun bir daha işıqlandırılması, bu sahədə son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsidir.
Konfransda Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov və institutun bir qrup əməkdaşı iştirak ediblər.
Təşkilat komitəsinə ümumilikdə 121 materiallar daxil olub. Tədbirin elmi proqramında “Monomerlər kimyası və neft-kimya sintezi”, “Alitsiklik karbohidrogenlər və onların funksional törəmələri”, “Monomerlərin alınmasında katalizatorlar və onların tətbiqi”, “Alitsiklik və aromatik oksigenli birləşmələr və texnoloji proseslər” və “Üzvi sintez və neft kimyasının ekoloji problemləri” bölmələr üzrə plenar, şifahi və stend məruzələri dinlənilib.
Tədbirdə AMEA-nın vitse prezidenti Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə konfransa gəlmiş nümayəndələr çıxış edərək, görkəmli alim haqqında öz xatirələrini bölüşüblər. Sonda alimin ailəsi adından çıxış edən oğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Paylaş