17/12/2024 15:23 

Alimlər kosmosda quyruqlu bir planet kəşf ediblər!

Alimlər çox uzun bir quyruğu olan ekzoplanet kəşf ediblər. Planetin quyruğunun uzunluğu Yer ilə Ay arasındakı məsafənin 1.5 misli qədərdir. Astronomlar 164 işıq ili uzaqlıqdakı bir ulduzun orbitində yerləşən WASP-69 b adlı yeni bir ekzoplanet kəşf ediblər. Bu planetin maraqlı cəhəti isə bir "quyruğa" sahib olmasıdır. Aşağıdakı şəkildən də gördüyünüz kimi WASP-69 b-nin çox uzun bir quyruğu var. Bu quyruq, planetin hidrogen və helium hissəciklərindən ibarət atmosferini tədricən itirməsi və planetdə əsən güclü ulduz küləklərinin təsiri ilə yaranır. Beləliklə, planet quyruqlu ulduza bənzəyir. WASP-69 b-nin isti bir Yupiter olduğunu deyə bilərik, yəni Yupiterin kütləsinə yaxın bir qaz nəhəngi. Onun mövqeyi isə 164 işıq ili uzaqlıqdakı Aquarius (Dolça) bürcündə yerləşən bir ulduzun orbitidir. Ekzoplanet bu ulduzun ətrafında çox yaxın bir məsafədə dövr edir. Bu səbəbdən temperaturu sürətlə artır. Ulduzdan yayılan radiasiya isə qazların buxarlanmasına və planetin arxasında iz buraxan görüntüyə səbəb olur. Alimlər ekzoplanetin saniyədə təxminən 200 min ton qaz itirdiyini ehtimal edirlər. Bundan başqa, 1 milyard il ərzində itirdiyi kütlənin bir Yer kütləsinə bərabər olduğunu və buna görə atmosferdəki qazın heç vaxt tamamilə bitməyəcəyini söyləyirlər. Onu da qeyd edək ki, bu ekzoplanetin ümumi kütləsi bizim planetimizin kütləsindən 90 dəfə daha çoxdur. Alimlərin hesablamalarına görə, bu quyruğun uzunluğu təxminən 563 min 270 kilometrdir. Bu da Yer ilə Ay arasındakı məsafənin təxminən 1.5 mislinə bərabərdir.
Paylaş