12/12/2024 16:24 Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov giriş sözü ilə açaraq tədbirin Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunduğunu bildirib. Sonra Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra institutun elmi katibi vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin dünyanın nadir siyasətçilərindən biri olduğunu qeyd edib. Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. 2003-cü ilin dekabrın 12-də Azərbaycan xalqının müstəqilliyinin qurucusu olan dünya şöhrətli siyasətçi Heydər Əliyevin müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etdiyini, o gündən etibarən 12 dekabr tarixinin Heydər Əliyevin anım günü kimi qeyd olunduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan xalqı hər il Ümummilli Liderini dərin ehtiram və minnətdarlıq hissi ilə anır. Heydər Əliyevin əziz xatirəsi hər zaman yaddaşlarda qalacaq, onun göstərdiyi yol heç vaxt unudulmayacaq. Bu gün Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirib. Azərbaycan bir çox sahədə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bu nəticənin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.
İclasdan sonra institutun rəhbərliyi və kollektivi Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.
Allah rəhmət eləsin!
Paylaş