12/12/2024 14:20 

İnstitutun əməkdaşları “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbirdə iştirak ediblər

11 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova və Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbirdə iştirak ediblər. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb. Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda xarici tələbələrin təhsil almasının ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib. Daha sonra “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatları təqdim olunub. Tədbir “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzuları üzrə panel sessiyalarla davam edib. Sonda xarici tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib.
Paylaş