29/10/2024 10:33 Tarixdə ilk dəfə əfsanələrdə adı keçən bir insanın skeleti tapılıb!
Arxeoloqlar 800 illik Skandinaviya əfsanəsində adı çəkilən bir adamın skeletini tapıblar.
"Ölü bir adamı götürdülər və quyuya atdılar, sonra quyunu daşlarla doldurdular."1184-1202-ci illər arasında Norveçin kralı olan Sverre Sigurdsson-un dövründən qalma Sverris Əfsanəsi, yuxarıdakı sətirlərdə quyunun içərisinə atılıb, üstü daşlarla örtülən ölü bir şəxsdən bəhs edir. Arxeoloqlar "Quyunun Adamı" kimi tanınan bu şəxsin həqiqətən var olduğunu sübut edən dəlillər tapıblar. Skandinaviya, İslandiya və İrlandiyadan olan tədqiqatçılardan ibarət bir qrup, əfsanədə təsvir edilən quyudan çıxarılan skelet üzərində apardıqları araşdırmalar zamanı maraqlı nəticələrlə üzləşiblər. İlk dəfə 1938-ci ildə kəşf edilən skelet müasir metodlarla analiz edildikdə, əfsanənin heç olmasa qismən də olsa, doğru olduğu sübut olunub.
Norveçin Trondheim şəhərində yerləşən Sverresborq Qalasının qədim su quyusunda olan bu skeletin müasir genetik analizlə araşdırılması nəticəsində ilk dəfə bir əfsanə ilə real tarixi hadisələr elmi olaraq uyğunlaşdırılmış olub. Adamın 1197-ci ildəki katolik işğalı zamanı öldürüldüyü və böyük ehtimalla işğalçılar tərəfindən su mənbələrini zəhərləmək məqsədilə suya atıldığı düşünülür.
Genetik analizlər Quyunun Adamı-nın böyük ehtimalla açıq qəhvəyi və ya sarışın saçlı, mavi gözlü və Norveçin cənubunda yerləşən Vest-Agder bölgəsindən gəlmiş, 30-40 yaşlarında bir kişi olduğunu göstərib. Bu araşdırmada ölkənin ətraflı genetik xəritəsindən, müasir gen analiz texnologiyalarından və karbon testlərindən istifadə edilib. Tədqiqatı aparan Genetik Mütəxəssis Martin Ellegaard, tarixi mətnlərdə adı çəkilən və əfsanələrdə yer alan bir şəxsin ilk dəfə fiziki olaraq tapılmasının mühüm olduğunu bildirib.
Paylaş