15/09/2023 13:30 Polimer Materialları İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib
15 sentyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.28 Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq gündəlikdəki məsələ haqqında iştirakçılara məlumat verib.
İclada Sumqayıt Dövlət Universitetinin Neft kimaysı və kimya mühəndisliyi kafedrasının böyük laborantı, Polimer Materialları İnstitutunun sabiq dissertantı Şəbnəm Qarayevanın kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Hem-diəvəzli tsiklopropilvinil efirlərinin sintezi, polimerləşməsi və malein anhidridi ilə birgəpolimerləşməsi” mövzusunda dissertasiyası müzakirə edilib. İddiaçı Şəbnəm Qarayeva dissertasiya işinin məqsədi, aktuallığı və elmi yeniliyi haqqında iştirakçılara geniş məlumat təqdim edib. O, çıxışında viniloksi- və (2-viniloksi)etoksi əvəzli müxtəlif tsiklopropil asetallarının sintez edilərək onların tərkibləri və quruluşlarının müəyyən olunmasından, sərbəst radikal iştirakında mono- və ditiollarla model birləşmə reaksiyalarının həyata keçirilməsindən və homo- və birgəpolimerləşmə reaksiyalarından alınan aşağı və yüksəkmolekullu birləşmələrin istifadə sahələrinin müəyyən edilməsindən bəhs edib. Tədqiqatçı bildirib ki, aparılan reaksiyalar nəticəsində mono-addukt, etanditiolla isə bis-adduktlar alınır. Alınan kükürdtərkibli asetaləvəzli tsiklopropil efirlərinin quruluşları spektroskopik metodlarla təsdiq edilib. Şəbnəm Qarayeva sintez edilən viniloksi- və (2-viniloksi)etoksi əvəzli tsiklopropilasetal monomerlərinin radikal inisiatorlar və kation katalizatorları iştirakında polimerləşməsi prosesinin tədqiq olunaraq aşağımolekul kütləli oliqomerlər alındığını bildirib.
Çıxışının sonunda iddiaçıya suallar verilib, geniş müzakirələr aparılıb, dissertasiya işinin aktuallığı, iddiaçının təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub. Təqdim olunan dissertasiya işi ED 1.28 Dissertasiya Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib.
Sonda səsvermə keçirilib və dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün qoyduğu tələblərə uyğun olduğu bildirilib.
Paylaş