13/09/2023 15:11 

Polimer Materialları İnstitutunun əməkdaşının şəhid övladının ildönümü qeyd olunub

Bu gün Polimer Materialları İnstitutunun əməkdaşının ötən ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınmasında düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olan Bəxtiyar Gülоğlаn oğlu Muradovun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. 13 sentyabr 2023-cü il tarixində Polimer Materialları İnstitutunun Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun oğlu şəhid Bəxtiyar Murаdоvun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, Vətən uğrunda canından keçən qəhrəmanın ruhuna dualar oxunub. Bəxtiyar Muradov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “N” saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Bəxtiyar Muradov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub. Ziyarətdən sonra şəhidin ildönümü mərasim evində davam etdirilib, ruhuna Quran tapşırılıb və ehsan süfrəsi açılıb.
Paylaş